A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır... 

Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfindən zərb edilən dirhəmlər də göstərir. 

İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.

Yaqutun[İstinad: Yaqut Həməvi--1178 və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə  Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlar yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan»dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.] yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğrü, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər. 

Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur. 

Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasındakı yerləri tutmuşlar. Onlar cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot[İstinad: Herodot--ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan   hərəkət etmələri,   ticarət   yolları,   İran  dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında   verdiyi  məlumat    Azərbaycan    tarixi  üçün olduqca qiymətlidir.] deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer[İstinad: Qatterer--alman tarixçisidir,  1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur    əsərlərindən biri    də "Qədim dövrlərdən başlayan ümumdünya tarixi» adlı kitabıdır.] isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdur. 

Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə  edərdilər. Bir çox adət və ənənələri Hun tayfası  ilə bir idi. Prokopi[İstinad: Prokopi--yunandır.  V əsrin  axırlarında   anadan    olmuşdur. İlk Bizans dövrünün ən məşhur tarixçisidir.] Alan tayfasını Masaget nəslindən və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir. 

Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsldən və ya Masoq və Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin[İstinad: Degin--fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların, türklərin, moğolların və sair tatarların ümumi tarixi" adlı kitabıdır.], alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar. 

Moisey Xorenski Alan tayfasını  Qafqazın yaxınlarında da göstərir. Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində  məşhur olmuşlar. 

Məsudinin yazdığına görə, Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir etdirmişdir. Həmin səddin asarı, dərvazanın yeri və şəhərin xərabəsi Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında, qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur. 

Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı--ehtimala görə, əslən Alğonlı olmuş--kəndinin üst tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir. 

Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də  Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban şəhəri, yerin vəziyyəti və münasibətinə görə, gərək Dərbənd şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, Tarxu ilə Buynaq arasından axır. 

Keçmiş uzun əsrlər belə, bu ölkədəki yer adlarının bəzisini hələ də, dəyişdirə  bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı  olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Bətləmyus da onların adını çəkir. 

Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur, onu Əşkəbus adlandırırlar. Firdövsinin «Şahnamə»dəki qeydinə  görə, Əşkəbus türklərdən bir pəhlivan olub, xaqanın  döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın Məcməülbüldanda yazdığı Əlamətlərə görə, Zərqubad kəndinin də, Firuzqubad şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından alınmışdır. Xəzrəgan adlı yer də İskəndərnamədə yazılan Xəzrankuh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların qədim sakinlərinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da, Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, adının münasibəti və yerinin vəziyyətinə görə, həmin Naxiya və ya Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. 

Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün sağ sahilində  sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətlə, bu dəniz müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır. 

Qafqaz sözü də, həmin Qaspi adlı tayfanın adından və quranda qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ, əfsanə kitablarında divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pərilərin padişahına Şahbal deyirlər, Dərbəndnamə müəllifi, ərəblərin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda məşhur olan kəndlərdən birinin adı Pəravuldur. Bu da Pəri-avul, yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur. 

Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı ovasından ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında Gülüstan əhdnaməsi burada bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır. 

İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə adlandırırlar. Bunlardan Katib Çələbi[İstinad: Katib Çələbi--məşhur Şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci (=1656/7) ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Cahannüma» ilə biblioqrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.], Cahannüma adlı əsərində deyir: Əlbürz dağı Babüləbvabın, yəni Dərbəndin qərb tərəfindədir. Bu dağ Türküstandan Hicazə

min mildən artıq məsafədə  uzanan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn etmişlər. Dərbənd yaxınlığında dağ  iki qola ayrılır: birinə Böyük Qaf, digərinə isə Kiçik Qaf deyirlər. 

Bu sıradağlarda üz verən bir çox müharibə və fəthlərə görə, ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar, bu səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz. 

İndiki halda bir çox səyyah,   dünyanın hər tərəfini dəfələrlə tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar, Qaf dağına, xəyalata qapılan sadədillərin təsvir etdikləri tərzdə, heç yerdə rast gəlməmişlər. 

Qədim və naməlum əsrlərdən bəri bir çox müxtəlif tayfalar, Qafqaz ölkəsində müharibə  və fəthlər edərək, cənubdan şimala və şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə olmuşlar. İranın qədim padişahları, xususilə Yəzdicird Bəhrami-Gur oğlu VƏ Nuşirəvan Qubad oğlu başqa vilayiətlərdən buraya bir çox qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər. Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri olmuşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna, onların hələ də mövcud olan bir çox müxtəlif abidələri, adları, dilləri, adətləri və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir. 

Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri müxtəlif tayfalarla qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Səlyan vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da, get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində isə daha çox qalmışlar. Onlar öz din və dillərini saxlamışlar. Qarışıq nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dillərini və adlarını saxlaması ən aydın bir dəlildir. 

Bakı ölkəsində  Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və  Miyat tayfalarının qalıqlarıdır. Plini[İstinad: Plini--məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin «Təbii-tarix» adlı əsərində Azərbaycan tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır.] və Strabon[İstinad: Strabon--məşhur   yunan   çoğrafiaşünaslarındandır.  Eramızdan təqribən 63 il  əvvəl  anadan olmuş  və eramızdan   19 il  əvvəl  vəfat etmişdnr.   Onun  ən  məşhur  əsəri  «Coğrafiya» adlı kitabıdır. Bu kitabda   Azərbaycan haqqında  gözəl  məlumat    vardır. Strabon əsərini, Pompeyin Azərbaycana olan yürüşləri zamanında, romalıların  topladıqları məlumata əsasən tərtib etmişdir.] onları bu ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər miladı III əsrdə Ermənistan padişahlarının paytaxtı olmuşdur. İndiri kəndinin Tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysunun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə və arxlara sahibdirlər. Onlar əvvəldən burada sakindilər. 

Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşah tayfasının qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbəçi əhalisi, öz babalarından eşitdikdəri rəvayətə görə, ticarət məqsədilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir. Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da, Təbəristan sözündən dəyişmiş ola bilər. 

Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də, öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və Samur nahiyəsi, bütün Dağıstan kimi, öz kitablarında və yazılarında ərəb xətti və ərəb dili işlədirlər. 

Qubadakı Bərmək  mahalı, Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib burada sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kəndinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan buraya köçürmüşdür. Bu nahiyədə yalnız Miskincə kəndi şiə məzhəbdir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin padişah, İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi, sünni məzhəbində olsalar da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur. 

Samur nahiyəsindəki Mikrağ  kəndinin və Qaziqumuq əhalisinin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qiyafəsi və bir çox adət və ənənələri də buna şahiddir. Qaziqumuq əhalisi indi dəsalam əsnasında papaq götürüb bir-birinə «izrov» deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki halda, Qaziqumuq şəhərində və bu böyük şəhərdən ayrılmış olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən olsun; Məçcə--Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş qəbiləsindən və Qumuq da, qədim Kamak tayfasından olsun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan Aqquşa, Qaytaq mahalları və Şamxal mülkü əksəriyyətlə qədim nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar. Sulağın o tərəfindəki Qumuq əhalisi, Mıçıqıç, Avar və əslində qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal tayfaları ilə qarışmışlar. 

Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məşhur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamışdır, yalnız   tarix kitablarında adları çəkilməkdədir. 

Karamzin[Karamzin Nikolay Mixayloviç--məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş və 1826-cı ildə vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki cildlik əsərin müəllifidir.] və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan Hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar, cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı Dizavul, Atilla kimi yüksək iqtidarə malik olmuşdur. O, Altay dağları arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda, Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış və iranlılarla müvəffəqiyyətli müharibə etmişdir. Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış uzun saçlarından başqa surət və əxlaqca da, tamamilə Hun tayfasına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların heyrətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlub edilməz tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan, bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O, çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohemiyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna çayına gəlib çıxdı. Burada Lonqbard tayfasilə ittifaq edərək Qəbidiyan dövlətini alt-üst etdi və Macarıstanı ələ keçirib İtaliyanı almaq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu. 

Bayan xan 580-cı ildə  Qara dənizin şimal-şərq sahillərini türklərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kənarında o zamana qədər başlı-başına yaşayan Slavyan tayfasını qətl və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı onu əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə etdisə də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa, sonralar, müxtəlif zamanlarda cürbəcür qəbilələrlə şiddətli müharibə etmiş və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, başqa tayfalara qarışmışdır. 

Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar o qədər də vəhşi olmayıb İran, Çin və Rum ilə ticarət əlaqəsi saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşamaqla bərabər, ayrıca dilə malik və xüsusi əmirlərə tabe olaraq adət və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar Üsmisi də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padişahının köməyilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padişahı tərəfindən verilən fərman indi də, durur. Lakin baxılan vaxt məlum oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini ələ keçirmiş olan Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir. 

Qunib-- kəndinin əhalisi (sözün axırından "b" hərfi atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşi xasiyyət Ğun və ya Hun tayfasının qalıqlarındandır. Bu kənd, Əndələl nahiyəsində tarlalı, otlaqlı, çaylara və ağaclara malik çox çətin keçilən bir dağ təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları qısa və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərqlənirlər. 

Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan tərəfindən bina edilmiş bir şəhərin xarabaları ətrafında Calqan, Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeydi, Mütai və Bilhədi adlı səkkiz para kənd vardır. Bu kəndlərin əhalisi tat dilində danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhərdə sənətkaranə bir tərzdə işlənmiş qəribə bir dərvaza vardır. Bu dərvaza indi də durur. Ehtimala görə, Babülhədid həman budur, kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib Bilhədi olmuşdur. 

Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində--altı tərəkəmə kəndindən başqa--bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi--xüsusi dilə malik olan Xınalıq kəndindən başqa--Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar. Dərbəndnamənin qeydinə və sair əlamətlərə görə məlum olur ki, bu tayfa

Alan masagetlərinin nəslindəndir. Bakıdakı Məşqətə--«s» hərfi «ş» hərfinə  təbdil edilmişdir--kəndinin əhalisi də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul etmişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhalisindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa dilləri vardır. Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə, Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran mahallarında və Quba şəhərinin özündə, Səlyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı-İran müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcələri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir çox yerlərində işlənən türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu dil üçün hələ təyin edilməmişdir. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm