A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Rövzətüssəfa və Güzidə  kitablarında deyilir: Əbu Übeydeyi-Cərrah Xəzər mülkünü  qətl və qarət edib, Azərbaycana qayıdandan sonra, Xəzər Xaqanı türklərin müxtəlif qəbilələrindən kömək istəyib, 300 min qoşun topladı. Xaqanın oğlu Pəşəng, o cəmiyyətlə Dərbənddən keçərək, Kür və Araz çayları qavşağında düşdü. Qoşununu ətrafı çalıb-çapmağa göndərdi. Bu zaman Əbu Übeydənin qoşunu dağınıq bir halda idi. Özü də atəşgədəni dağıtmaq üçün Ocan səhrasına getmişdi. Yanında olan azacıq qoşunla xəzərlərin qarşısına çıxdı. Şiddətli bir müharibə oldu, müsəlmanlar məğlub olub çoxlu tələfat verdilər. Əbu Übeydeyi-Çərrahın özü də öldürüldü və ailəsi əsir düşdü. İslam qoşunu ilə bərabər olan və Azərbaycanın böyük adamlarından sayılan Mərdanşah da öldürüldü. Türk qoşunları Azərbaycan və Ermənistan ölkələrində qətl və qarətə başladılar. Ermənistanda zərb olunan dirhəmlərdən məlum olur ki, bu vilayət həmin iğtişaş zamanı xəlifələrin əlindən çıxmamışdır. Xülasə, bu xəbər, o dövrün xəlifəsi Hişam ibni-Əbdülməlikə[İstinad: Hişam ibni-Əbdülməlik--əməvilərdən   onuncu   xəlifədir. (105-125=724-743).] yetişdi. O, hicri 114-cü (=733) ildə Səid  ibni-Əmri-Hərşini böyük bir qoşunla türklərin müharibəsinə göndərdi. O da, bir çox qələbələrdən sonra, Qarabağ Bəyləqanına yetşidi. Eşitdi ki, Xaqanın oğlu müsəlman qalalarından birini mühasirəyə almışdır, az qalmışdır ki, qaladakılar təslim olsunlar. Bu zaman fars şahzadələrindən Xüdavəndi-əsbi-əblağ adlı Xəzər dilini bilən bir nəfəri göndərdi ki,

qaladakılara onun gəlməsini bildirsin. Şahzadə ertəsi gün oraya çatdı. Xəzərlər onu tutub soruşdular: Sən kimsən və hara gedirsən? O dedi:--Ərəb sərkərdəsi məni göndərdi ki, qaladakılara onun gəlməsini xəbər verim. Xəzərlər ona dedilər: Əgər qurtarmaq istəyirsən, qalanın yanına   gedib de ki, ərəb qoşunu hələ çox uzaqdadır. Şahzadə dərvazaya yaxınlaşıb səsləndi:--Ey müsəlmanlar, məni tanıyırsınız? Sizə mücdə olsun! Səidi-Hərşi külli qoşunla Bəyləqandadır. İki üç gündən sonra, gəlib sizə çatar. Mərd və igid olun!  

Müsəlmanlar təkbir dedilər. Xəzərlər şahzadəni oradaca parça-parça etdilər və  özləri də   köçüb Ərdəbilə tərəf getdilər. Bu zaman ağ atlı və ağ paltarlı bir şəxs Səidin yanına gəlib  dedi:--2000 nəfər xəzər 5000 islam əsiri ilə fılan yerdədirlər. Əmir casus göndərib onun sözünü təhqiq etdi,  söz doğru  çıxdı. Əmir 40000 nəfər  götürüb, səhərə yaxın qəflətən onların üzərinə töküldü. Bir   çoxunu öldürdü və əsirləri geri    aldı. Qılıncdan qurtaranlar  Xaqan   oğlunun ordusuna qaçdılar. Səid külli qənimətlə geri qayıtdı. Ağ atlı yenə gəldi, Səid ona dedi:--Ey xoşxəbər kişi, sən harada qaldın, sənin üçün yaxşı hissə və pay saxlamışam. O, cavabında dedi:--O pay əmirin yanında daha yaxşı  qalar, mən indi sənə başqa qənimət haqqında məlumat   verəcəyəm. Budur, xəzərlərdən bir dəstə filan yerdə külli mal və əsirlə öz vilayətlərinə gedirlər. Müsəlmanlardan bir dəstə oraya gedib təkbir deyərək, düşmənə hücum  etdi.  Türklərdən bir  çoxunu öldürüb, əsirləri azad etdilər, qənimətləri də ələ keçirildi. Səid, Əbu   Übeydeyi-Cərraha mənsub olan   adamları əzizləyib, onlara çoxlu mal bağışladı. Bu əhvalatdan sonra, Xaqanın oğlu kədərli bir halda vuruşmaya başladı. Səid də Bəyləqan, Bərdə    və hökmü    altında olan    başqa şəhər və qəsəbələrə qasidlər göndərib qoşun toplamağa əmr verdi. Ağ atlı yenə gəldi və salam verdi. Səid çox şadlıqla onun salamını alıb:--«Sən çox mübarək nəfəsli (xoşxəbər) adamsan. Sənin sayəndə iki dəfə düşmənə qalib gəldim, sənə çox pay və hissə ayırmışam, niyə almırsan?»--dedi. O:--«Lazım olanda istərəm, siz indi dava tədarükü görməklə məşğul olun. Xaqanın oğlu 40000 nəfərlə üstünüzə gəlir»--deyə cavab verdi. Səid öz qoşununu düzəltdi. İkindi çağı, iki qoşun bir-birinə yetişdi. Müharibə başlandı. Günbatan çağı türk qoşunu basıldı və onlardan bir çoxu qılıncdan keçirildi. Səid də öz ordugahına qayıtdı. Sübh olunca, ağ atlı yenə gəlib dedi:--«Ey əmir! Xaqanın oğlu öz dağınıq qoşununu toplayıb, yenə müharibə etmək fikrindədir» Səid (qənimət alınmış) yükləri və malları qeyd və mühafizə etmək

üçün bir dəstə adam təyin edib, qalan qoşunla yola düşdü. İki qoşun bir-birilə üz-üzə gəldikdə o:-- «Kim bilir, Xaqanın oğlu Pəşəng harada durur?»--deyə soruşdu. Onun cavabında:--«Baş sancılmış ağacın olduğu yerdədir»--deyə cavab verdilər. O yenə:--«O kimin başıdır» deyə soruşunca:--«Əbu Übeydeyi-Cərrahın başıdır»--deyə cavab verdilər. Səid igidlərlə oraya hücum edərək, Xaqan oğlunun tacına bir zərbə endirib onu atdan yerə saldı. Türklərdən bir dəstə, şahzadənin ətrafını alıb onu yenə ata mindirdilər. Müharibə atəşi şiddətli surətdə alovlandı. Axırda türklər döyüş meydanından üz çevirdilər. İslam əhlinin əlinə çoxlu qənimət keçdi. Səid bu qənimətin xümsünü Şama, Hişam ibni-Əbdülməlikə göndərdi, qalanını da 40000 əsgər arasında bölüşdürdü. Hər bir nəfərə 1700 dinar düşdü. Daha sonra, hicri 115-ci (=734) ildə Hişam Ermənistan, Azərbaycan və Şirvan əyalətlərini öz qardaşı Əbu Müslimə verdi. Ona Şam və Cəzirə qoşunlarından 24 min nəfər verib Dağıstan işlərini nizama salmağa göndərdi. 

Müəllifə məlum olduğu vəchlə, Əbu Müslim haman Müslimə ibni-Əbdülməlikdir. Ehtimal ki, yazıda səhv olmuşdur və ərəb dilinin qanununa görə, Əbu Müslim onun künyəsi və Müslimə isə adı olub, hər ikisilə də şöhrət tapmışdır. Hər halda, Əbu Müslim Dərbəndə gəlib onun hasar və burclarındakı xaraba yerləri təmir etdirmişdir. Narınqalada Nuşirəvan dövründən qalma Səhrinc adlı böyük bir imarəti sökdürüb yerində su, neft, sursat ambarları və cəbbəxana tikdirdi. Narınqalanı çox möhkəm bir hala saldı. Qeyd adlı imarəti təmir edib, divarını yüz arşından artıq dəniz içərisinə çəkdirdi. 

Müəllif deyir: dörd-beş  il bundan əvvəl, o Qeydin özülü bir yerindən sökülmüşdü. Bu sökükdən məlum oldu ki, böyük daşları dəmir millər ilə bir-birinə möhkəm bənd edib, aralarına da əridilmiş  qurğuşun töküblər. Əbu Müslim əmr verdi ki, bütün Dağıstandan toplanan xəracı,--istər pul olsun, istərsə mal,--ehtiyac zamanı Dərbənd əhalisinə və mühafizlərinə paylamaq üçün ambarlarda saxlasınlar. Xülasə, Dərbənd əhalisinin çoxunu müsəlmanlardan təşkil edib, şəhəri yeddi məhəlləyə böldü. Hər məhəllə tayfası üçün bir məscid tikdirib onun adı ilə adlandırdı: 1) Xəzər məscidi, 2) Fələstin məscidi, 3) Dimişq məscidi, 4)  Həmmas məscidi, 5) Qeysəriyyə məscidi, 6) Cəzair məscidi, 7) Mosul məscidi.Bunlardan əlavə, cümə namazı üçün böyük bir məscid tikdirdi ki, indi də qalır. Şəhərə 6 dərvaza qoydurdu: 1) Babülmühacir--indi Carçı qapı adlanır, 2)Babülcəhad—indi Qırxlar qapı adlanır, 3) Babülxüms-- indi Yeni qapı adlanır, 4)Babüssəğir--indi Türkmən qapı adlanır, 5) Babülməktub--indi Bayat qapı adlanır, 6)Babüləlqəmə--indi Narınqala qapı adlanır. 

Əbu Müslim Dərbənd işlərini nizama saldıqdan sonra, Qumuq tərəfinə səfər bayrağını açdı. Oranın əmirləri və əhalisi, bir çox müharibədən sonra, aman istəyib müsəlman oldular. O, Qaziqumuq şəhərinin ortasında böyük bir came məscidi və bir neçə başqa bina tikdirdi. Onlar indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-Əbdüllah ibni-Qasım ibni-Əbdüllah ibni-Abbas ibni-Əbdülmüttəlibi onlara hakim təyin etdi, islam dininin şərtlərini əhaliyə təlim etmək üçün də onun yanında bir qazi qoydu. Oradan Qaytağa gəldi, buranın əhalisi şiddətli vuruşma və çoxlu tələfatdan sonra, islam dinini qəbul etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən sonra, Əbu Müslim öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri buraya hakim təyin etdi. Bundan sonra, əhalisinin çoxu yəhudi və dinsiz olan Təbərsəran üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiəyə başladılar. Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının tələf və əsir edildiyini görüncə, müsəlman oldular... Məhəmməd Məsum adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, bütün Təbərsəran əhalisi Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin mühüm işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar əhalisi üzərinə hərəkət edib, onları qılınc gücü ilə müsəlman etdi. Onlar üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki halda Aqquşə kəndi Tavın, Xumzaq şəhəri isə Avarın mühüm yerlərindəndir. Gürcüstan hüdudundan başlayıb, Qıpçaq çölünə qədər, Dağıstanın bütün hakimlərinə və qazilərinə, Şahbala tabe olmağı əmr etdi. Buyurdu ki, əgər Xəzər tayfası Dərbəndin üstünə gəlsə, onlar ona qarşı dursunlar. Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra, geri qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə Xəzər vilayətinə gedən olsa, onun malının üşrünü (onda birini) alsınlar. Elçi gələrsə, onu gözü bağlı şəhərə gətirsinlər, qayıtdığı zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətindən xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi təyin edib buyurdu ki, Təbərsəran, Köbəçi və Qaytaq əhalisi hər il onu gətirib Dərbənd hakiminə versinlər. O da özünə və Əmir Həmzəyə düşən hissəni götürüb, qalanını Dərbəndin mühafizlərinə və füqərasına sərf etmək üçün ambarda saxlasın. Əgər hakim özü üçün müəyyən miqdardan artıq götürüb ədalətsizlik etmiş olsa, o zaman qoşun rəisləri onu vəzifədən xaric etsinlər. Həmri, Kürə, Quba, Qülhan, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün Qumuq, Avar, Qərax, Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını Şahbala versinlər. Əgər Şahbalın üzərinə düşmən hücum etsə, yaxud o kafirlərlə müharibəyə getsə Qaytaq, Təbərsəran hakimləri öz qoşunları ilə onun köməyinə gəlsinlər. Dərbənd hakimi həmişə şəhəri mühafizə edib, heç bir yana getməməlidir, cümə günləri məscidi-camedə imam olaraq namaz qılmalıdır. 

Katib Çələbi Cahannüma adlı əsərində Əbu Hamiddən belə nəql edir: «Dərbənd işləri nizama salındıqdan sonra, Hişam özü bu şəhərə gəlmişdi. Əhalinin xahişinə görə, öz qılıncını yadigar olaraq, Dərbəndin yaxınlığında bir yerdə qoydu. Bu yer indi də o ölkə əhalisinin ziyarətgahıdır». 

Müəllif deyir: Əhalidən mötəbər kimsələrin dediklərinə görə, Xəraq mahalında, Yuxarı Təbərsəranda, Curdaf kəndi yanında mağara içərisində  bir xəncər vardır. O ətrafın xalqı qurban və sədəqələr aparıb onu ziyarət edir və bu yerin ətrafını müqəddəs hesab edir. Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün cəza verilməz və qatildən də qisas alınmaz. Hətta bir adam cəsarət edib oranın meşələrindən bir ağac budağı belə kəsə bilməz. Demək olar ki, həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan uzun bir zamanın keçməsi və yerin uzaqlığı ilə əlaqədar olaraq, xəncər qılınc deyə məşhur olmuşdur. 

Hicri 120-ci (=739) ildə  Mərvan ibni-Məhəmməd, Hişam tərəfindən Dərbəndə hakim göndərildi. O, Əbu Müslimin qoyduğu qərarlar üzrə rəftar edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbəndin küçə və məhəllələrini təmizləyirdi. 

Hicri 132-ci (=751) ildə  xilafət əməvilərdən abbasilərə keçdi, Əbül-Abbas Səffah [İstinad: Əbül-Abbas Səffah--abbasilərdən birinci xəlifədir (132-136=750-754).]

Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri 136-cı (=755) ildə, Əbu Cəfər Mənsur [İstinad: Əbu  Cəfər   Mənsur--abbasilərdan    ikinci  xəlifədir    (136-158=754-775).] xilafətə oturunca, Yəzid ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar. Əbu Cəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu:--Dərbənd üzərindən xəzərlərin şərrini hansı tədbir ilə dəf etmək mümkündür? Yəzid ərz etdi:--Dərbəndin

ətrafında xarab olmuş  çoxlu qala vardır, əgər bunlar təmir edilib, hər birinə qarovulçular təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar. Xəlifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin təmirilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi Çerkəni adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq, Yersi və Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə və Mosuldan 7000 ailə gətirib buralarda yerləşdirdi. Yəzidiyyə və Sirməkiyyə adlı iki qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam köçürüb buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib hər yerdə qoşun qoydu. Bu qayda ilə Dərbəndi asayiş və rahatlıq içində mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər. 

Hicri 170-ci (=787) ildə, Harunərrəşid [İstinad: Harunərrəşid--abbasilərdən beşinci     xəlifədir     (170-193=786-809).] Cəyun ibni-Nəcəmi Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını keçmişdə olduğu kimi saxlasın. Cəqyu, qala və hasarın möhkəmliyinə arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə göz yumdu. Dərbənd əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu. Bu xəbər Harunə yetişdi. O, Rəbiətülbahilini Dərbəndə hakim təyin etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. Hicri 173-cü ( = 790) ildə Xüzeymə ibni-Cazim Harunərrəşid tərəfindən 12000 qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba yerlərini təmir etdi. Bir neçə müddətdən sonra, Harunərrəşid özü Dərbəndə gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından bir bənd çəkdirib şəhərin kənarına su gətirtdi. Burada bağlar, bostanlar saldırdı və dəyirmanlar tikdirdi. Bunların mədaxilini Dərbənd yoxsullarına vəqf etdi. Həfəsə ibni-Öməri Dərbəndə hakim təyin edərək, ona lazımi göstərişlər və nəsihətlər verib Bağdada qayıtdı. Deyirlər ki, Dərbəndin şimal tərəfində, Qırxlar dərvazası qarşısında bir daş günbəz vardır. Harunərrəşidin oğlu burada basdırılmışdır. Məşhur olduğu üzrə, Harunərrəşidin arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur, uzun sürən bir qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının lətafətilə məşhur... olan Təbrizdə bundan səhhət tapdı. Buna görə, hicri 175-ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da Təbriz qoydu. Bu əhvalatdan və Harunərrəşidin oğlunun Dərbənddə vəfat etməsindən anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu ölkəyə gəlibmiş. 

Hicri 180-cı (=797) ildə,    xəzərlər   hücum edib    bütün Dağıstanı, Dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə, bu müharibədə 140000 nəfər müsəlman tələf oldu. Hələ bu vaxta qədər islam aləmində belə bir hadisə görünməmişdi. Əbu   Müslimin əmirliyə  təyin etdiyi Məsum, Şahbal və Əmir Həmzə övladının başına  bu hadisələr zamanı nələr gəldiyi məlum deyildir. İslam dinini qəbul edən Dağıstan tayfaları da   xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan  vilayətində   Fərruxzad Əxşican oğlu[İstinad: Mətndə yanlışlıq   var, Fərruxzad Əxsitan oğlu olmalıdır.  Kəsrani şirvanşahlar sülaləsinə mənsubdur.] hökmran idi. Bakıda Bibiheybət kəndində, onun əmrilə bina edilmiş bir   məscid  üzərindəki   kitabədə   onun   ləqəbi--"əmirülmömininin yardımçısı böyük sultan» deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş. Bundan sonra Filanşah hökmranlıq etmişdir. 

Hicri210-cu ( = 826) ildə, Bəyləqan tərəflərində, atəşpərəstlərdən Babək adlı  bir nəfər meydana çıxdı. O, atəşpərəstlik məzhəblərindən Xürrəmgiş adlı bir məzhəbin əsasını qoydu. Bu məzhəb, ...Məzdək dininin əslini yeni bir şəklə salmaqdan başqa bir  şey deyildi. Babək öz başına   çoxlu tərəfdar  topladı...   Ardı-arası kəsilməyən   müharibələrlə Azərbaycanı ələ keçirib   Həmədan  və İsfahanı da  fəth etdi. Mötəsim [İstinad: Mötəsim-Billah--abbasilərdən  səkkizinci  xəlifədir (218-227=833-842).] xəlifə   İshaq ibni-İbrahim   ibni-Müsəəbi çoxlu  qoşunla  İraqi-Əcəm   hüduduna  göndərdi, İshaq   onlardan 60000 nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi. Axırda, hicri 221-ci (=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın ləqəbli Heydər ibni-Kavus, saysız bir qoşunla Babəki dəf etməyə təyin edildi. Müharibə iki il davam etdi, Babək məğlub olub, bir neçə nəfərlə Ermənistana, Səhəl Sunbat oğlunun yanına qaçdı. Aqşın etimad etdiyi bir nəfəri 4000 qoşunla Babəki tələb etmək üçün göndərdi. Səhəl, Babəki qolu bağlı Aqşının yanına gətirdi. Səhəl təltif edildi. Babək də Bağdada göndərilib orada böyük bir əziyyətlə öldürüldü. Ehtimala görə, Azərbaycan sözü Azər-Babəkan sözünün ərəbcələşdirilmiş şəklidir. Azərbaycan bunun və ya başqa bir Babəkin adından alınmışdır. Məşhur olduğu üzrə, atəşpərəstlik dini bu ölkədə zühurə gəlmiş və yayılmışdır. Riyazüssəyahə [İstinad: «Riyazussəyahə»--məşhur    Azərbaycan     alim   və səyyahı    Hacı Zeynəlabdin    Şirvaninin    əsəridir.    O,    hicri  1194-cü    (=1780)    ildə Şamaxı şəhərində   anadan  olmuşdur.]  müəllifi   Azərbaycanı Azərbayəganın ərəbcələşmişi sayır. Bu da qədim fars dilində atəşgah mənasındadır. 

Xülasə, bu yol ilə  Azərbaycan və Ermənistan ölkələri, yenə xəlifənin ixtiyarına keçdi. Muğanda xaraba qalmış Bərzən şəhərini Aqşın abad etdi, indi yenə viran bir haldadır. Hicri 230-cu ( =845) ildə, Mötəsimin oğlu Vasiq-Billahın[İstinad: Vasiq-Billah--abbasilərdən doqquzuncu xəlifədir   (227-232 =842-847).] xilafəti dövründə, Filanşahi Şirvani itaətə gəldi, Dərbənd də xəlifənin təsərrüfünə keçdi. Hicri 270-ci (=884-cü) ildə Mötəmid [İstinad: Mötəmid--abbasilərdən on beşinci xəlifədir     (256-279=870-892).] xəlifənin hökmü ilə Bakı neft və duz mədənlərinin mədaxili, Dərbənd mühafiz və əhalisinə maaş təyin olundu. Məhəmməd ibni-Əmmar təhvildar idi, hər il mədənlərin mədaxilini təyin edilən miqdar ilə təqsim edirdi. 

Hicri 290-cı (=903) ildə  Haşim adlı bir nəfər Dərbəndə hakim gəldi. Müktəfi[İstinad: Müktəfi-Billah--abbasilərdən on  yeddinci  xəlifədir   (289-295=902-908).] xəlifə qəramitələr ilə hərb etməkdə idi, xilafət işlərində də bir çox qarışıqlıq hökm sürməkdə idi. Haşim istifadə edərək bütün təyin edilmiş maaşları, mədənlərin mədaxilini və Dərbənd əhalisinə yetişəsi olan kənd məhsullarını özü mənimsədi. Dərbənd əhalisi naçar qalıb, alver və qəsbkarlıqla məşğul oldu. Əxlaqsızlıq onların arasında yayıldı. Xəzərlər yenə gəlib, Dərbəndi almaq üçün çox çalışdılar. Müsəlmanlar daxildən və xaricdən hücum edərək onları məğlub etdilər. 

Bu zaman Rus tayfası, Xəzər padişahından icazə alıb, 500 gəmidə 50000 qoşunla Atil çayından Xəzər dənizinə girdi. Bu şərtlə ki, ələ keçirəcəkləri qənimətləri onunla bölsünlər. Onlar Mazandarandan başlayıb Dərbəndə qədər, dəniz sahillərində olan şəhər və qəsəbələrdən bir çox qənimətlər əldə etdilər. Dəniz sahilində yaşayan əhali isə xəzərlərin gəmiləri olmadığını bildiyindən, belə bir təhlükəni gözləmirdi. 

Əbülqasim Yusif ibni-Əbüssac, xəlifə Müqtədir-Billah [İstinad: Müqtədir-Billah--abbasilərdən    on    səkkizinci    xəlifədir (295-320=908-932).] tərəfindən, hicri 296-cı (=909) ildən 306-cı ( = 919) ilə qədər--on il--Ermənistan və Azərbaycan valisi idi. Şirvan da onun hökmü altında idi. O öz cəmiyyətini toplayıb, Şirvan vilayətinə daxil olan və Əli ibni-Heyşəm tərəfindən idarə edilən neft mənbəi sahilinə, yəni Bakıya gəldi. Ruslar, bundan sonra, Bakıya yaxın adalarda sakin olmuşdular. Onların bu adalarda sakin olmasına aid bəzi izlər indi də mövcuddur... 

Hicri 332-ci  (=944) ildə, Məsudi bu əhvalatı yazdığı halda, İbnələsir [İstinad: İbnələsir--məşhur ərəb tarixçisidir, hicri 555-ci ( =1160) ildə anadan olmuşdur. Onun adını Şərq və Qərb aləmində şöhrətləndirən «Əl-kamil fittarix» adlı kitabıdır.] öz tarixində bundan  bir kəlmə də   olsun bəhs etməmişdir. Lakin    İbnələsir deyir:    Rus tayfası hicri 332-ci (=944) ildə, Ərranın paytaxtı olan Bərdə şəhərini almaq üçün qayıqlarla dənizdən və Kür çayından keçib gəldilər. Buranın hakimi 5000 nəfərlə qarşıya çıxdı    və məğlub olaraq geri qayıtdı. Ruslar Bərdəni alıb, əhaliyə aman verdilər. Əhali müxalifət göstərdi, ruslar bir həftə içərisində şəhəri boşaltmağı onlara əmr etdilər... Mərzban ləqəbilə məşhur olan Azərbaycan valisi Məhəmməd ibni-Müsafir, 30000 nəfər qoşunla  gəldi. Ruslar bir ildən  artıq burada qaldılar, sonra Mərağəyə səfər etdilər. Bu səfər əsnasında çoxlu meyvə yediklərindən, aralarına şiddətli xəstəlik düşdü. Mərzban bu dəfə hiylə ilə müharibəyə başladı, azacıq müqavimətdən sonra qaçmağa üz qoydu. Ruslar da   onları təqib etməyə başladılar.    Mərzban  qayıdıb     hücum etdi və pusquda qoyduğu qoşun da, rusların arxasına keçdi... Bu hadisə münasibətilə   qoşunla Səlmas   nahiyəsinə   gedən Mərzban, Şəhristanı mühasirə etmək üçün bir dəstə qoşun qoydu. Ruslar bir gecə dəyərli şeylərini çiyinlərinə alaraq, özlərini Kür çayı kənarına yetirdilər və qayıqlara minib vətənlərinə qayıtdılar. 

Müəllif deyir: Ehtimala görə, bu iki hadisə haman bir səfər əsnasında vaqe olmuşdur. Lakin müəlliflərin aldıqları xəbərlər müxtəlif olduğundan, bir-birinə zidd olaraq yazılmışdır. Məsudinin yazdığına görə, hicri 332-ci (=944) ildə, Əbdülməlik adlı bir şəxs Dərbənddə, qardaşı oğlu da Təbərsəranda hökmran idi. 

Bundan sonra, islam ölkələrində  get-gedə qarışıqlıq və hərc-mərclik baş verdi. Bağdad xəlifələri öz qoşunlarının öhdəsindən gələ bilmədilər. Bu ölkənin işləri də nizamdan düşdü, Dərbəndə tabe olan qalalar və kəndlərdə də üsyan qalxdı. Dağıstan əmirləri isə bir-birilə müxalifətə və qovğaya başladılar. 

Mərdavic ibni-Ziyad sülaləsinə mənsub və Gilanın qədim hakimləri nəslindən olan Deyləm padişahları, hicri 315-ci ( = 927) ildə, Təbəristanda xüruc etdilər. Bunlardan 6 nəfəri İran vilayətlərindən bir çoxunda 150 il hökmran olmuşlar. Məlum olduğu üzrə, onlar bu tərəflərə də əl atmışdılar. Çünki bu sülalənin ikinci padişahı olan və hicri 323-cü (=935) ildən başlayaraq 33 il hökumət sürən Şəmkir ibni-Ziyad, Gəncə yaxınlığındakı Şəmkir şəhərini öz adına bina etdirmişdi. Şəhərin asarı: məscid güldəstəsi olan ikiqapılı uca bir minarə, körpü və qala xarabası indi də qalır. Bu şəhər Əmir Teymur Kürəkən dövründə və ondan sonrakı dövrlərdə də abad idi. 

Axtınamədə deyilir: xəzərlər Şirvanı istila etdikləri zaman, öz əmirlərindən Səmsam adlı bir şəxsi, bir dəstə ilə indiki Mikrağ  kəndinin yerində sakin etdilər. Şam əhlindən Əmir Kağı adlı bir şəxsi də ona vəzir təyin etdilər. Səmsama kömək olmaq üçün xəzərlər Samur çayının sol kənarında başqa bir şəhər də saldılar. Tərsa dedikləri bu şəhər əhalisini indiki Qızlardan gətirmişdilər. Səmsam, Şəhbani qalasını almaq və Şəhbani nəslindən olan bu yerin əmiri Dərvişaini tələf etmək istəyirdi. Dərvişai 3000 əşrəfi göndərib Tərsa əmirlərini özünə tərəf cəlb etdi. Səmsam üç dəfə bu qalanı mühasirə etdisə də, məqsədinə çatmadan qayıtdı. Birinci dəfə mühasirənin müddəti bir ay çəkdi. Qala əhli üçün Axtı çayından su gətirmək çətin idi, buna görə də, onlar suyu çox əziyyətlə Samur çayından gətirirdilər. Səmsam qayıdandan sonra, Dərvişai üç ayın müddətində qaladan Axtı çayına örtülü bir yol çəkdirdi. Yolun və yol üzərindəki burcun asarı indi də qalır. İkinci dəfə mühasirənin müddəti altı ay davam etdi, lakin qaladakılar darlıq çəkmədilər. Səmsam üç ildən sonra, üçüncü dəfə olaraq yenə gəldi. O bu dəfə yuxarı tərəfdən gəlib qalanın yanında yeddi il dayandı. Dərvişai çarəsiz qalıb Tərsanın əmirlərini və Rütul, Cınıq və Rüfuqun təcrübəli adamlarını köməyə çağırdı. Yeddi ay da bu müharibə davam etdi. Hər iki tərəfdən çox adam öldü. Dərvişainin oğlu Şah Qasım da bu müharibədə məğlub olub, öldürüldü. Axırda Səmsam məğlub olub geri qayıtdı və 15 il sakit olaraq öz yerində oturdu. Bir gecə Səmsam öz qoşunu ilə qəflətən Tərsa kəndi üzərinə tökülüb əhalini qırdı. Mal və əyallarını qarət və əsir edib apardı. Bundan doqquz il keçdi, Dərvişai Dərbəndə, Əbu Müslimin yanına gəlib, ondan kömək istədi, Əbu Müslim də öz bacısı Ümmülmöminatı, müsəlman olan Dərvişaiyə verdi, onu qoşunla bərabər göndərdi ki, gedib Səmsam şəhərini alsın və xəzərlərin kökünü kəssin. Müharibə yeddi ay uzandı, heç bir nəticə əldə edilmədi. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm